Layihə çərçivəsində ilk tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında Şərurun Xələc kəndində reallaşıb.
Açılış tədbirində nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gənclər üçün yaradılan imkanlardan bəhs olunub. Əlavə olunub ki, “Səyyar Gənclər Evi” layihəsi rayon-şəhər mərkəzlərindən uzaqda yerləşən kəndləri əhatə edir. Məqsəd kəndlərdə yaşayan gənclərin şəxsi inkişafına, intellekt səviyyəsinə, sağlamlığına və sosial aktivliyinə töhfə vermək, maraqlı və əyləncəli vaxt keçirməsinə nail olmaqdır.
Layihənin proqramına uyğun olaraq klinik psixologiya üzrə fəlsəfə doktoru Ayaz Seyidlinin “daxilindəki gücü kəşf et!” adlı motivasiya təlimi, “Vətəni tanı!”, “Xəmsə” intellektual oyunları, əyləncəli idman yarışmaları təşkil olunub, fərqlənən gənclər diplom və hədiyyələrlə mükafatlandırılıblar. İncəsənət kollektivlərinin təqdimatında konsert proqramı izlənilib.